Hər iki tərəfin verdiyi bəyanatlara nəzər salsaq görərik ki, sülh müqaviləsinin hazırlanması mövzusunda fikir mübadiləsi davam edir. Müzakirə aparılarkən, həmçinin Soçi sammitinin də nəticələri nəzərə alınıb.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşü barədə suala cavab olaraq deyib.
"Mən deməzdim ki, tərəflər razılaşmalar zamanı əldə olunan müddəalardan imtina edib. Xatırladım ki, 31 oktyabr tarixli birgə bəyanatda liderlər regionda davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün rəsmi Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanmasının vacibliyini vurğulayıblar. Əldə olunmuş nəticələr əsasında qarşılıqlı şəkildə qəbul edilməsi mümkün olan yekun qərarın verilməsi üçün həll yollarının axtarışının davam etdirilməsi təklif olunub. Biz öz tərəfimizdən bu prosesə lazım olan hər bir dəstəyi göstərməyə davam edəcəyik.
Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində roluna gəlincə, Soçidə ölkə başçıları bütün üçtərəfli razılaşmaların şərtlərinə sadiq qaldıqlarını təsdiq etdilər. Bu, Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlərin kompleks şəkildə normallaşdırılması üçün həyata keçirilən birgə işlərin əsasını təşkil edir", - deyə Zaxarova vurğulayıb.