Avropa İttifaqı (Aİ) Şimali Koreyanın qitələrarası ballistik raket sınağını pisləyib.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.
Aİ Pxenyanın silah proqramının dünyanı təhdid etdiyini bildirib.
“Avropa İttifaqı noyabrın 18-də Yaponiyanın eksklüziv iqtisadi zonasına düşən KXDR-in qitələrarası ballistik raketin buraxılışını qətiyyətlə pisləyir. Pxenyanın kütləvi qırğın silahları üçün daşınma vasitələrinin yaradılması üzrə səyləri bütün ölkələri təhdid edir", - Aİ-nin bəyanatında qeyd olunur.
Təşkilat vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı artan təhlükəni aradan qaldırmaq üçün lazımi cavab verməlidir.
Qeyd edək ki, Şimali Koreya noyabrın 18-də “Xvason-17” qitələrarası ballistik raketinin sınağını həyata keçirib. Sınağı Şimali Koreya lideri Kim Çen In və qızı izləyib.
Bir çox ölkə rakatin buraxılışını pisləyib. BMT Təhlükəsizlik Şurası noyabrın 21-də KXDR ilə bağlı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.
Akif İsmayılov