İranın “Keyhan” qəzeti milli komanda üzvlərinin Dünya Çempionatının dünən İngiltərəyə qarşı keçirilmiş oyunda ölkədə hökumət əleyhinə başlayan etirazlara dəstək üçün Dövlət Himnini oxumamasına sərt reaksiya verib.
Modern.az-ın məlumatına görə, “Keyhan” qəzeti həmin oyunla bağlı hazırladığı manşet yazısını “İran - 2, İngiltərə, İsrail, Ali-Səud, yerli və xarici satqınlar -6” başlığı ilə dərc edib.
Məqalədə qeyd edilib ki, 2:6 hesablı məğlubiyytlə bitən İran-İngiltərə oyunu başlamazdan öncə “bəzi komanda üzvləri qeyrətsiz idilər, himni oxumurdular”.
Qəzet iddia edir ki, hələ həftələr öncə İsrail və Səudiyyə Ərəbistanına bağlı media, eləcə də xaricdə məskunlaşmış iranlı satqınlar milli komandaya qarşı amansız psixoloji müharibəyə başlamış və görünməmiş bir hücuma keçmişdilər.
“İranın milli futbol komandasına qarşı psixoloji atmosfer yaradılmasında xarici farsdilli media canfəşanlıq edirdi. Xarici media idmançılarımızın 2022-ci ilin ən böyük idman tədbirindən uzaqlaşdırılması üçün qılıncını qınından çəkmişdi”.
İddia olunur ki, İranın milli futbol komandasına qarşı psixoloji media əməliyyatı Qətərdə ilk gündən sürət götürüb və bu, baş məşqçi Karlos Keyruşun mətbuat konfransında ingilis jurnalistin təxribatçı suallarına qədər xüsusi şəkildə davam edib. Guya məqsəd iranlı futbolçuların konsentrasiyasını pozmaq olub.
Qəzet bildirib ki, oyunlar ərəfəsində İranda baş verən etirazların xarici mediada geniş işıqlandırılması xüsusi olaraq təşkil edilib ki, bunda da əsas məqsəd tamaşaçıların və futbolçuların diqqətini yayınmdırmaqdır.
“Milli komanda oyunçuları arasında parçalanma salmaq bu hərəkatın digər məqsədlərindən biri olub”, - qəzet yazıb.
“Keyhan” qəzeti İngiltərə ilə çətin oyunda İranın komandasının 2 qol vurmasını tarixi rekord kimi təqdim edib.
“İlk oyununda İngiltərə komandasına məğlub olsaq da, Mehdi Taremi turnirin ən güclü yığmasına 2 dəyərli qol vurmaqla tarix yazdı. Dünya Kuboku tarixində yeganə iranlı oyunçu bir oyunda 2 qol vurmağı bacardı”, - deyə qəzet mğlubiyyətə təsəlli qazandırmağa çalışıb.
A.Qorxmaz