NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyəti şərh edib.
Modern.az xəbər verir ki, hərbi alyansın baş katibi bu barədə NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçirilən Rumıniyanın paytaxtı Buxarest şəhərindəki “Aspen-German Marshall Fund” forumunun açılış mərasimində danışıb.
O qeyd edib ki, Rusiya müharibəni qazanacağı təqdirdə qalıcı sülh olmayacaq: “Rusiyanın işğalına qarşı NATO-nun şərq qanadında hərbi qruplaşmaların sayı 4-dən 8-ə qədər qaldırılıb. NATO və müttəfiqləri müharibənin tərəfi deyil, amma Ukraynaya misli görünməmiş dəstək verir. Putin müharibəni uduzmaqdadır, buna görə də daha çox zülmlə qarşılıq verməyə başlayıb. Ukraynadakı şəhərlərə, mülki infrastruktura qarşı hücumlar edilir. Dünyadakı avtoritar liderlər Putinin qazandığını görməməlidir. Uzunmüddətli təhlükəsizlik maraqlarımız Ukraynanı dəstəkləməkdir”.
NATO baş katibi Putinin sərbəst və demokratik ölkənin nə demək olduğunu bilmədiyini söyləyib: “Finlandiya və İsveç təşkilata üzvlük yolunda irəliləyir. NATO-ya kimin üzv olub-olmayacağına Rusiya qarışa bilməz. Biz təzyiqlərə məruz qalan NATO müttəfiqlərini də unutmuruq. Buna görə də bugünkü toplantıya Bosniya və Herseqovina, Gürcüstan və Moldova xarici işlər nazirləri də qatılır”.