Rusiya Prezidenti Vladimir Putin qeyri-ənənəvi cinsi əlaqənin, cinsiyyətin dəyişdirilməsinin və pedofiliyanın təbliğatını qadağan edən qanunu imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması məlumat yayıb.
Bu qanunun tətbiqindən sonra sosial şəbəkələrdə, mediada, kinoda, reklamda LGBT təbliğatı tamamilə qadağan olunacaq. Eyni zamanda qeyri-ənənəvi cinsi əlaqə və ya üstünlükləri, pedofiliyanı, cinsiyyətin dəyişdirilməsini təbliğ edən filmlər yayım sertifikatı ala bilməyəcək.
Bir sözlə, "Roskomnadzor" qeyri-ənənəvi münasibətləri, pedofiliyanı, cinsi dəyişikliyi təbliğ edən resursları bloklaya biləcək. Qurum, həmçinin internetdə belə məlumatların müəyyən edilməsi üçün monitorinq prosedurunu müəyyən etmək hüququ əldə edib. Monitorinq hökumətin icazə verdiyi təşkilat tərəfindən aparılacaq.