Serbiya prezidenti Aleksandr Vuçiç Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa Birliyi – Qərbi Balkanlar toplantısına qatılıb.
Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Vuçiç toplantıya ölkəsinin mövqeyini ifadə etmək və fikirlərini çatdırmaq üçün qatıldığını bəyan edib.
“İştirak edib-etməmək barədə tərəddüd edirdim. Sonra apardığımız müzakirələr nəticəsində qatılmaq qərarına gəldik. Hər halda masada olmaq yaxşıdır, yoxsa menyuda olarsınız”, - Serbiya prezidenti deyib.
Jurnalistlərdən birinin “Ukraynanın ərazi bütövlüyünü pozduğuna görə Rusiyaya sanskiya tətbiq edəcəksinizmi?” sualına Vuçiçin cavabı diqqət çəkib: “Serbiya müstəqil ölkədir. Bu mövzuda Avropa Birliyinin bizdən gözləntilərinin fərqindəyik. Amma 1999-cu ildə Serbiyanın da ərazi bütövlüyünə hücum edilmişdi”.
A.Vuçiç Tiranaya səfəri çərçivəsində, həmçinin müxtəlif görüşlər keçirib. Serbiya prezidenti Avropa Birliyi Komissiyasının rəhbəri Ursula von der Leyen, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Albaniyanın Baş naziri Edi Rama, Bosniya və Herseqovina prezidiumunun üzvü Zelika Civanoviçlə görüşüb.