ABŞ-ın 1963-cü ildə sui-qəsd nəticəsində öldürülən 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı yeni sənədlər geniş ictimaiyyət üçün açıq elan olunub.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Arxiv və Dokumentasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu vaxta qədər məxfi saxlanılan 13 mindən çox sənəd qurumun saytında yerləşdirilib, baxış və yüklənmə üçün açıqdır.
İdarənin məlumatına görə, 1990-cı illərdən bəri bu kolleksiyaya aid olan sənədlərin əhəmiyyətli hissəsi ictimaiyyət üçün açıq olub. Yeni sənədlərin sayta yerləşdirilməsindən sonra Kennedinin qətlinə aid sənədlərin 97 faizi açıqlanmış olub.
Qeyd edək ki, Con Kennedi 1961-63-cü illərdə ABŞ prezidenti olub. O, 1963-cü il 22 noyabr tarixində edilmiş sui-qəsd nəticəsində həyatını itirib. Belə ki, snayper tüfəngindən açılmış 2 atəş nəticəsində güllələrdən biri onun boynuna, digəri isə başına dəyib. Daha sonra xəstəxanaya çatdırılan prezidentin həyatını xilas etmək mümkün olmayıb.