Rusiya ordusu bu gün Ukraynaya 76 raket zərbəsi endirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilir ki, raketlərdən 60-ı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Təkcə paytaxt Kiyev istiqamətinə 40 raket buraxılıb, onlardan 37-si havada vurulub.
Ukrayna lideri Volodimir Zelenskinin anadan olduğu Krıvoy Roq şəhərinə endirilən raket zərbələri nəticəsində iki nəfər həlak olub, 2-si uşaq olmaqla 5 nəfər yaralanıb. Xersonda isə bir nəfər raket zərbəsinin qurbanı olub. Xarkovda da yaşayış binalarına ciddi ziyan dəyib.
Zərbələr nəticəsində ölkənin bir sıra infrastrukturu, ilk növbədə enerji sistemi zədələnib. İşıq, istilik, su təchizatında ciddi problemlər yaranıb. Ukraynanın energetika naziri German Qaluşenko ən azı doqquz enerji obyektinin vurulduğunu bildirib. İqtisadiyyat naziri Yuliya Svırıdenko isə qeyd edib ki, Rusiya Federasiyasının məqsədi ukraynalıları daim təzyiq altında saxlamaqdır.
Rusiya yay-payız aylarında bir sıra Ukrayna şəhərlərində məğlubiyyətə uğradıqdan sonra oktyabrın əvvəlindən demək olar ki, hər həftə Ukraynanın enerji infrastrukturuna zərbələr endirir. Kiyev hakimiyyəti əvvəlki hücumlardan sonra elektrik və su təchizatının böyük hissəsini bərpa edib, lakin hələ də ciddi problemlər qalmaqdadır. Kiyev də daxil olmaqla bir çox şəhərdə elektrik enerjisinə qənaət etmək üçün işıqlar söndürülür. Buna baxmayaraq, Qərb ölkələri (eləcə də Azərbaycan) Ukraynaya generatorlar göndərib.
Yerli gəlmişkən, “The Economist” jurnalına müsahibəsində Zelenski, Ukrayna ordusunun generalları Valeri Zalujni və Oleksandr Sirski Rusiyanın yanvar ayından yeni hücuma başalaya biləcəyini deyiblər. Onlar bildiriblər ki, hücum Donbasın şərqindən, cənubdan və ya qonşu Belarusdan başlaya bilər. Rəsmilər rusların Kiyevə hücum edəcəklərini düşünürlər. Ağ Evin sözçüsü Con Kirbi isə bildirib ki, Kiyevə hücumla bağlı hər hansı əlamət yoxdur.
Rusiyanın Ukraynaya raket zərbələri endirməsi fonunda Avropa İttifaqı (A) ölkələri Moskvaya qarşı doqquzuncu sanksiyalar paketi barədə razılığa gəlib. Nəticədə MKB və Uzaq Şərq Bankına, həmçinin “Roskomnadzor”a (Rusiya rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidməti), Liberal Demokrat, Kommunist, Ədalətli Rusiya və Yeni İnsanlar partiyalarına qarşı sanksiyalar tətbiq edilib.
“Rusiya İmperator Hərəkatı”, “Rusiç” təşkilatı və Donbas Könüllüləri İttifaqı məhdudiyyətlərə məruz qalıb.
Bundan başqa, Rusiyanın yeddi qubernatoru, Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Aişat və Karina, ifaçı Qriqori Leps, teleaparıcı Boris Korçevnikov, rejissor Nikita Mixalkov, Aleksandr Jukov və Anastasiya Udaltsova daxil olmaqla Rusiya parlamentinin 40 deputatı, mədəniyyət, elm və təhsil nazirləri “qara siyahı”ya salınıb.
Sanksiyalar çərçivəsində Avropa İttifaqı Rusiyanın NTV, “Rossiya-1”, “REN TV” və “Birinci Kanal” televiziya kanallarının yayım lisenziyasını dayandırıb.
Doqquzuncu sanksiyalar paketi çərçivəsində Rusiyaya oyuncaq dronların (kvadrokopterlər), noutbuk kompüterlərinin, radionaviqasiya sistemlərinin, kompüter komponentlərinin, radionəzarət avadanlıqlarının, təyyarə mühərriklərinin və bir sıra digər sənaye sistemlərinin tədarükünü qadağan edilib. Eyni zamanda sanksiya siyahısında Rusiyanın 168 şirkəti və hərbi sənaye sektoruna aid müəssisələr də yer alıb.
Akif İsmayılov