Geridə qoymağa hazırlaşdığımız 2022-ci ildə dünyada nələr baş verdi? Bu il hansı hadisələrlə yadda qaldı?
Modern.az "Reuters" nəşrinin bu mövzuda hazırladığı icmalı təqdim edir.
Rusiyanın Ukraynaya hücumu
Bu il fevralın 25-də axşam saatlarında Rusiya tankları İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük hərbi əməliyyatlara başladı. Ukrayna ərazisinə hücumdan bir gün sonra rəsmi Moskvanın qoşunları paytaxt Kiyevin kandarına çatdı...
Paytaxtın hər tərəfində uzaqdan artilleriya atəşi səsləri eşidildi. Ukrayna Müdafiə Nazirliyi sakinləri işğalçıları dəf etmək üçün hazırlaşmağa çağırdı. Prezident Volodimir Zelenski ölkəsinin müstəqilliyini müdafiə edəcəyinə söz verərək şəhərin küçələrindən dövlət xadimləri ilə birgə videosunu paylaşdı.
"Bu gecə onlar hücuma keçəcəklər. Hamımız bizi nələrin gözlədiyini başa düşməliyik. Bu gecəyə tab gətirməliyik", - Zelenski hərbi əməliyyatların ilk günlərində demişdi.
Və 10 ay sonra Moskvanın "xüsusi hərbi əməliyyatı" iflasa uğradı. Bəzi yerlərdə geri çəkilməyə başladılar. Moskvada çoxları Rusiya ordusunun qələbə çalacağını, Zelenski hökumətini devirəcəyini və Rusiyaya dost rejim quracağını gözləyirdi, lakin alınmadı...
Şübhəsiz ki, Rusiya hərbi qüvvələri Ukraynanın şərq və cənubunda geniş ərazilərə nəzarəti davam etdirir və şiddətli qarşıdurmada ən azı 40 000 mülki şəxs həlak olub, 14 milyon insan isə didərgin düşüb. Ancaq Qərbin milyardlarla dollarlıq silahı ilə gücləndirilmiş Ukrayna qüvvələri müntəzəm olaraq işğalçı ruslardan daha effektiv olduqlarını sübut edirlər.
ABŞ-da seçkilər
Respublikaçılar Partiyası Nümayəndələr Palatasına nəzarəti ələ keçirdi, lakin səs çoxluğu üçün qazanılmış yerlərin sayı 10-dan az idi, yəni qələbə zəif idi. Partiya nəinki Senatı geri ala bilmədi, həm də bir neçə qubernatorluq yarışında məğlub oldu. Aralıq seçkilərdə adətən prezidentin partiyası böyük fərqlə uduzur, amma bu dəfə "yumşaq" oldu.
İqtisadiyyat
Dünyanın böyük mərkəzi banklarının əksəriyyəti faiz dərəcələrini artırmağa başlamaq üçün mart ayına qədər gözlədi. Avropa Mərkəzi Bankı iyul ayına qədər hərəkət etmədi. Gecikmənin inflyasiyanın artmasına imkan verdiyinə dair şikayətlər səslənməyə başladı. Bu, uzunmüddətli perspektivdə baha başa gələcəkmi? FED ABŞ iqtisadiyyatını tənəzzüldən qoruya biləcəkmi?
Bu sualların cavabları 2023-cü ildə daha aydın olacaq. Bəzi iqtisadiyyatlarda inflyasiyanın pik həddə çatdığına dair ilkin əlamətlər var, lakin artım tempi kəskin deyil.
Qlobal iqlim dəyişikliyi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Misirdə keçirilən iqlim danışıqlarında dövlətlər iqlim fəlakətləri ilə təhdid edilən yoxsul ölkələrə kömək etmək üçün fond yaratmağa razılaşdılar, lakin tullantıları daha tez azaltmaq planları ətrafında razılıq əldə oluna bilmədi. Həmçinin Çində rekord temperatur, Pakistan və Avropada daşqınlar, Hindistan, İtaliya və Çilidə buzlaqların əriməsi planetimizin iqliminin nə qədər sürətlə dəyişdiyini xatırladırdı.
İrandakı etirazlar
2022 həm də İranda “uyğun olmayan” baş örtüyünə görə həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra etirazların alovlandığı il idi. Şahidlər gənc qızın döyüldüyünü desələr də, İran rəsmiləri bunu inkar edir. Əsasən qadınların öndə olduğu etirazlar bütün ölkəyə və sosial təbəqələrə yayıldı. İranı bir anda etirazlar dalğası bürüdü, minlərlə dinc nümayişçi (18500 nəfər) həbs olundu, 500-dən çox insan hökumət qüvvələri tərəfindən öldürüldü. Təzyiqlərə baxmayaq, etirazlar hələ də davam edir. Ekspertlərin fikrincə, etirazlar nə qədər çox davam etsə, 43 illik İslam inqilabı üçün bir o qədər təhlükə yaranacaq.
Bəs başqa?..
2022-ci ildə başqa nə oldu? ABŞ dolları yüksəldi, kriptovalyuta sahəsində "partlayış" yaşandı və amerikalı milyarder İlon Mask "Twitter"i satın aldı. Latın Amerikasının sola yönəldiyi, Efiopiyada vətəndaş müharibəsində atəşkəs əldə olunduğu və Şimali Koreyanın raket ardınca raket atdığı ili geridə qoyduq.
Bu il həm də Britaniyanın kraliçasını itirdiyi, yeni kral qazandığı və "Downing Street"in də 3 baş nazir gördüyü il kimi tarixə düşür.
Nəhayət, dünyanın çox hissəsi COVID-dən, epidemioloji baxımdan olmasa da, ən azı sosial cəhətdən qurtuldu. Böyük istisna isə Çin idi - sıfır COVID siyasəti son bir neçə həftədə etirazlara və iğtişaşlara səbəb oldu. Oktyabr ayında ölkənin Kommunist Partiyasının on ildə iki dəfə keçirilən qurultayında ölkə lideri Si Tszinpinin hakimiyyəti gücləndirdiyini və üçüncü müddətə qalib gəldiyini, dövlət başçılarının cəmi iki müddətə seçildiyi partiya ənənəsini pozduğunu gördük. Sıfır-COVID status-kvonu sarsıda bilərmi?
Bu sualın da cavabını gələn il biləcəyik...
Son olaraq qeyd edək ki, 2022-ci il həmçinin Qətərdə futbol üzrə dünya çempionatının keçirilməsi ilə xatırlanacaq. Böyük qalmaqallarla yadda qalan çempionatın qalibi ilk oyunda Səudiyyə Ərəbistanına uduzaraq sensasiyaya imza atan Argentina millisi oldu.