Türkiyədə seçki dövrü yaxınlaşdıqca siyasi münasibətlər gərginləşir.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu dəfə hakim AK Partiyanın sədri olan prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Numan Kurtulmuş müxalifətin ünvanına sərt tənqidlər səsləndirib.
Kurtulmuş "Altılı Masa"da 6 yox, cəmi 2 ortaq olduğunu bəyan edib.
"Nəhayət, dünən masadakı 2 ortaq baş-başa görüşmək ehtiyacı hiss etdilər. Allah mübarək eləsin, nə danışdıqları bizi maraqlandırmır. Amma "Altılı Masa" dediyimizi artıq "2+4 masası" adlandırmalıyıq. O masada iki ortaq var, qalanı təfərrüatdır", - deyə Ərdoğanın müşaviri bildirib.
Qeyd edək ki, "Altılı Masa" siyasi ittifaqında Kamal Kılıçdaroğlunun sədrlik etdiyi CHP, Meral Akşenerin başçılıq etdiyi İYİ Partiya, Gültəkin Uysalın sədri olduğu Demokrat Partiyası, Temel Karamollaoğlunun lideri olduğu Səadət Partiyası, Əli Babacanın sədrlik etdiyi DEVA Partiyası və Əhməd Davutoğlunun sədri olduğu Gələcək Partiyası təmsil olunur.