Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin məhkəmə prosesi davam edir.
Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, növbəti məhkəmə iclası bu gün baş tutacaq.
Bildirilib ki, səhhətinə görə Mixail Saakaşvili yenə də prosesə qatıla bilməyəcək. Hakim bugünkü iclasda amerikalı toksikoloq Devid Smiti, sabiq prezidentin şəxsi həkimi Tamar Davaraşvilini və nevroloq Tamar Abaşidzeni dinləyəcək.
Hər üç şəxsin Saakaşvilinin sağlamlığı ilə bağlı aktı imzaladığı barədə məlumat verilib.
Saakaşvili səhhətinə görə ötən məhkəmə iclasında da iştirak edə bilməmiş, əvəzində onlayn formatda prosesə qoşulmuşdu. Lakin texniki nasazlıq səbəbindən onun səsini eşitmək mümkün olmamışdı və eks-prezident iclasdan yarımçıq çıxmışdı.
Qeyd edək ki, Gürcüstanın keçmiş dövlət başçısı Mixail Saakaşvili ötən ilin oktyabrından həbsdədir və qanunsuz saxlanılmasına etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib. Bu müddət ərzində onun səhhətində ciddi problemlər yaranıb.