İranda 2020-ci ilin yanvarında Tehran səmasında Ukrayna Beynəlxalq Hava Yollarına (UIA) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı məhkəmə prosesi başlayıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri açıqlama verib.
"2020-ci il yanvarın 8-də Ukrayna sərnişin təyyarəsinin vurulması ilə nəticələnən faciəvi hadisə bizi dərindən sarsıtdı. Bu hadisə ilə bağlı araşdırmalar davam edir. Təyyarənin qəzaya uğramasına səbəb İranda təhlükəsizlik sahəsində hökm sürən xüsusi şərtlər, həmçinin müdafiə bölmələri tərəfindən qəbul edilən səhv qərar olub", - o deyib.
Dekabrın 28-də Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib ki, Böyük Britaniya, Kanada, Ukrayna və İsveç İranı təyyarənin Tehran səmasında qəzaya uğraması faktı üzrə arbitraj prosesinə başlamağa çağırıblar.
Qeyd edək ki, təyyarə 8 yanvar 2020-ci ildə Tehran hava limanından Kiyevə uçmaq üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Nəticədə 176 nəfər həyatını itirib. Onların arasında Əfqanıstan, Böyük Britaniya, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları olub. 3 gün sonra İran hərbçiləri hərbi obyektin yaxınlığında uçan təyyarəni səhvən vurduqlarını və təyyarəni "düşmən hədəfi" ilə səhv saldıqlarını etiraf ediblər. Tehran qəzanın səbəbləri ilə bağlı texniki hesabat layihəsini Kiyevə təhvil verib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bunu fəlakətin əsl səbəblərini gizlətmək cəhdi adlandırıb.