Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə yeni səfərbərlik elan olunacağı barədə xəbərləri təkzib edib.
Modern.az xəbər verir ki, Peskovun sözlərinə görə, səfərbərlik barədə məlumatı ancaq rəsmi orqanlar yaya bilər. O bu mövzuda Telegram kanallarında yayılan mesajlara etibar etməməyə çağırıb.
D.Peskovun sözlərinə görə, ümumiyyətlə Telegram kanallarına əhəmiyyət verməyə ehtiyac yoxdur.
“Əsas mənbə Rusiya Federasiyası prezidentinin rəhbərlik etdiyi rəsmi hakimiyyətdir. Telegram kanallarını şişirtməyə ehtiyac yoxdur”, - Kreml sözçüsü mətbuata açıqlamasında bildirib.
Xatırladaq ki, prezident Vladimir Putin 2022-ci il sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edib. Oktyabrın 31-də isə onun başa çatdığı bildirilib. Prezidentin sözlərinə görə, 318 min nəfər səfərbər edilib. Kreml artıq ikinci səfərbərlik dalğasının planlaşdırılmadığını vəd edib. Federasiya Şurasının sədri Valentina Matvienko da mövzunun hakimiyyət tərəfindən müzakirə edilmədiyini iddia edib.
Ukrayna hakimiyyəti isə Rusiyada yeni səfərbərlik dalğasından danışıb.