Modern.az
Qəzənfər Həmidoğlu Postimperiya sindromu: Putinin resentimenti...

Qəzənfər Həmidoğlu

Postimperiya sindromu: Putinin resentimenti...

Dünya

17 Yanvar 2023, 18:38

Qəzənfər Həmidoğlu


Rusiyanın Sverdlovsk vilayətində  Serov adlı bir əyalət şəhəri var. Putinin aşpazı Yevgeni Priqojinin “Vaqner” özəl hərbi bandasının Ukraynada gəbərdilmiş döyüşçüsü Molodsovun həmin şəhərdə dəfn mərasimi keçirilib, oxuduğu məktəbdə fəxri qarovul düzülüb və uşaqlar  “təmizqəlbli və zəiflərə həmişə kömək edən” “vaqnerçi”dən  örnək götürməyə çağırılıb.
Mərasimdə kimsə yada salmayıb ki, Molodsov sərxoş vəziyyətdə anasını döyə-döyə öldürüb və 11 il həbs cəzası alıb. Bu, Molodsovun ikinci həbsi idi, bundan əvvəl kimisə ölümünə döydüyü üçün ağır maddə ilə azadlıqdan mərhum edilmiş, amma vaxtından əvvəl həbsdən buraxılmışdı ki, getsin tək qalmış anasının “qayğısına qalsın”.  
İkinci həbsini də Molodsov sonadək yatmadı. “Vaqner” residivisti  həbsdən çıxarıb savaşa yolladı.  Ukraynada  onu gəbərtdilər, amma ana qatili Rusiyada “qəhrəman” sayıldı və  Serovda xüsusi şərəflə basdırıldı... 


Rusiyanın ən qanlı seriyalı qatili, 80-dən artıq qadını öldürmüş və ömürlük həbsə məhkum edilmiş manyak-polis Mixail Popkov da Ukraynada döyüşmək istəyir. Amma manyak savaşa qışda getmək istəmir, “şaxta ilə arası yoxdur”, donmaqdan qorxur. Yanvar-fevral ayı keçəndən sonra təklif olsa, “heç fikirləşmədən razılaşacaq”.   Bu barədə  Rusiyanın aparıcı nəşrləri, federal telekanalları utanmadan və çəkinmədən xəbər verirlər, axırıncı əclaqdan belə patriot düzəltməyə hazırdırlar.


Təəccüblənməyə dəyməz, rus demişkən, “kаков поп – таков и приход”,  yəni, keşiş necədirsə, kilsəsinin  camaatı da elədir. Və yaxud Putin hara, təbəələri də ora...


Etnososioloqlara görə, ruslar imperiya yaradan xalqdır və hikkələrinin nədəni də bununla bağlıdır. Amma rusların hikkələri anormaldır,  bundan imperiya doğmaz, debilizm, abdallıq, öz başlarına bəla  törəyər. Cinayətkarları, qatilləri türmədən çıxarıb savaşa atırlar, Priqojin  özünü Şoyqu ilə müqayisədə marşal sayır və bu proses Rusiyada dövlət institutlarının sıradan çıxması barədə danışmağa imkan verir. Əslində avtokratiyalarda dövlət şərti məsələdir, önəmli olan rejimin rəhbərdir.   Dövlət ağlı olsaydı, rusların Ukrayna bataqlığında nə işi vardı? Rusiyanın Ukrayna ilə savaşa girməsi göstərdi ki,  Kremldəkilər  sadəcə  ambisiyalı, hikkəli və ya mənfəətpərəst deyil, həm də kəmağıldırlar.  


Rusiyada indi yaşananlar  Corc Oruell çərçivəsinə sığmır.  Rusiya cəmiyyəti və elitasının hikkəsi, imperiya sindromu   daha çox Fridrix Nitsşenin “Əxlaqın şəcərəsi” əsərindəki “resentiment”i xatırladır. Nitsşeyə görə, özündə kin, inciklik, hikkə, qəzəb və qərəzi ehtiva edən resentiment sıravi inciklik və düşmənçilik deyil, fenomenal hal kimi neqativ hisslərin sublimativ  toplusudur: subyekt öz uğursuzluqlarının səbəbini başqasında görür və onu “düşmən” elan edir; islahedilməz paxıllıq; statusunu həyatda və cəmiyyətdə yüksəltmək cəhdlərinin hədər olmasının iztirablı dərki və natamamlıq kompleksi; bütün bunların fonunda “düşmən”ə qibtə edilməsi,  onun dəyərlər sistemini  rədd edən   öz dəyərlər sisteminin yaradılması.  Resentiment,  qısa desək, subyektin öz uğursuzluqlarına görə məhz günah hissindən qurtulmaq üçün  başqasından “düşmən” obrazı yaratmasıdır.  Nitsşe bunu  kölə əxlaqı sayır.  Bu, normal insana layiq hiss deyil,  dövlət və lideri səviyyəsində isə düdüklükdür.


Resentiment bütün parametrləri ilə sanki Putinin boynuna biçilib – qələti özü edir, günahı NATO-nun üzərinə atır.  Və yaxud ruslar  Ukraynada vəhşilik edir, Dneprdə müsibət törədir  və eyni zamanda əmindirlər ki, “dünya xoxolsuz gözəldir”.


Ukrayna ilə savaş bir tərəfdən Putinin mahiyyətini ifadə edir, digər tərəfdən bu,  özündə kütlə psixologiyasının düşüncə və davranışlarını əks etdirən postimperiya resentimentidir. 


Rusiyanın canından kölə əxlaqını, resentimenti çıxarmaq çətin işdir. Bəlkə də yeganə çarə bu hikkənin şokla söndürülməsi -  Rusiyanın Krımdan, Putinin isə Kremldən qovulmasıdır. Belə finalla dünyanın canı qurtulacaq, Rusiyanın sonunun necə olacağı isə qaranlıqdır...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir