Rusiya qüvvələri Ukraynanın Donbas regionunda 4 istiqamətdə hücuma keçib.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Donbasda Liman, Baxmut, Avdeyev və Novopavlovsk istiqamətlərində Rusiya hücuma çalışır.
"Digər istiqamətlərdə isə düşmən müdafiə olunmağa səy göstərir", - deyə qeyd olunub.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.