Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinin onu raketlə hədələdiyini deyərkən yalan danışıb.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Cənab Consonun dedikləri doğru deyil. Daha doğrusu, yalandır. Üstəlik, bu, ya şüurlu yalandır - onda Consondan niyə təqdimatın bu variantını seçdiyini soruşmaq lazımdır, ya da bu, şüursuz yalan idi və o, Putinin nədən danışdığını başa düşməyib. Mən o söhbətdə nələrin müzakirə olunduğunu bilirəm və bir daha deyirəm, yalandır. Raket təhdidləri olmayıb”, - Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı deyib.
Xatırladaq ki, Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson mətbuata müsahibəsində deyib ki, Ukraynaya müdaxilə ərəfəsində Putinlə telefonda danışaraq, onu bu yoldan çəkinməyə çağırıb, Əvəzində təhdid eşidib:
"Fevral ayında Putinə dedim ki, müharibə fəlakətə, Rusiya sərhədləri yaxınlığında NATO qoşunlarının sayının artmasına, Qərb dövlətlərinin Moskvaya qarşı sanksiyalar tətbiq etməsinə səbəb olacaq. Telefon danışğında məni hədələyərək dedi: “Boris, səni incitmək istəmirəm, ancaq raketlə bu məsələlərin həlli bir dəqiqə çəkir”.