Ukrayna prezidenti Volodimir Zelenski müharibə ilə bağlı yeni fikirlər səsləndirib.
Modern.az xəbər verir ki, o, "Telegram" kanalında bu barədə yazıb.
"Cəbhədəki qəhrəmanlarımız dünyadan müdafiə üçün nə qədər çox dəstək alsalar, Rusiyanın təcavüzünə bir o qədər tez son qoyulacaq və müharibədən sonra Ukrayna və bütün tərəfdaşlarımız üçün daha etibarlı təhlükəsizlik təminatları olacaq. Terror dövləti məğlub olmalıdır. İnsanların yaşamaq hüququ təmin edilməlidir. Belə də olacaq", - deyə o bildirib.
Zelenski, həmçinin Nikolayev vilayətinə səfəri və keçirdiyi müşavirə barədə də məlumat verib: "Nikolayev vilayətinə işgüzar səfər etdim. Region terrorçuların bütün hücumlarına qəhrəmancasına tab gətirir. Səfər zamanı bölgədəki mövcud vəziyyətlə bağlı müşavirə keçirdim. Biz Ukraynanın cənubundakı əməliyyat vəziyyətini, Rusiyanın raket və dron hücumlarının nəticələrini müzakirə etdik. Biz regionun enerji infrastrukturunun vəziyyətini, onun mühafizə vasitələrini və bərpa tempini də nəzərdən keçirdik. Biz Nikolayev vilayətində təhsil müəssisələrinin yenidən qurulması, regionun iqtisadiyyatının uzunmüddətli bərpası və yeni iş yerlərinin yaradılması məsələlərini də müzakirə etdik".
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.