ABŞ-ın Ukraynaya F-16 qırıcıları verməkdən imtina etməsi barədə prezident Co Baydenin açıqlamasına Ağ Evdən münasibət bildirilib.
Modern.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıb.
"Vaşinqton hazırda Kiyevi kifayət qədər silahla təmin edir", - deyə ABŞ rəsmisi söyləyib.
"Deyə bilərəm ki, bir çox silahlar artıq tədarük edilir, yaxın həftələrdə və aylarda Ukraynaya göndəriləcək. Bu silahlar indi - qışda, həmçinin yazda döyüşlərdə həlledici olacağına əmin olduğumuz silah növləridir", - deyə Kirbi bildirib.
Qeyd edək ki, Co Bayden jurnalistlərin Ukraynaya F-16 tədarükü barədə sualına "yox" cavabı vermişdi. Daha sonra onun sualı eşitmədən cavab verdiyi barədə məlumatlar yayılmışdı.