Rusiya Ukraynada istifadə etmək üçün İrandan yeni və daha sürətli pilotsuz uçuş aparatları (PUA) istəyib.
Modern.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti məlumat yayıb.
Bildirilir ki, rəsmi Moskva PUA-ların Rusiya ərazisində istehsal edilməsini istəyir. Yaradılması nəzərdə tutulan PUA fabriki Yelabuqa şəhərində (Ukrayna ilə sərhəddən 1100 kilometr uzaq) yerləşəcək. Fabrikin yaradılması Rusiya və İran arasında 1 milyard dollarlıq müqavilənin bir hissəsidir.
Məlumata görə, yanvarın əvvəlində İranın yüksək səviyyəli nümayəndə heyəti zavodun tikintisi planlaşdırılan əraziyə baş çəkib.
Tərəflər arasında saziş noyabrın əvvəlində Tehranda imzalanıb. Rusiyadan müdafiə sənayesinin nümayəndələri də sazişin imzalanmasında iştirak edib.
İran hasilatı Rusiyaya keçirməklə özünü Qərbin yeni sanksiyalarından qorumağa ümid edir.
Akif İsmayılov