Türkiyənin milli müdafiə naziri Hulusi Akar və israilli həmkarı Yoav Qallant arasında telefon danışığı olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə MN məlumat yayıb.
Bildirilib ki, Qallant Akara başsağlığı verib və yardım təklifi ilə çıxış edib. Həmçinin Hulusi Akar zəlzələ nəticəsində ordudakı itkiləri açıqlayıb.
O, ziyan və itkilərin təsbit olunması üçün tədbirləri davam etdirdiklərini bildirib.
"Təəssüf ki, 3 şəhidimiz və yaralılarımız var. Bölmələrdə təkrar yoxlamalar həyata keçiririk", - deyə Akar söyləyib.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.