Bu gün Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonlarında 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər olub.
Modern.az xəbər verir ki, "Anadolu" agentliyi zəlzələ ilə bağlı statistik məlumatları açıqlayıb.
Bildirilib ki, zəlzələ nəticəsində indiyədək 1651 nəfər həyatını itirib, 11 min 119 nəfər isə yaralanıb. Zəlzələ baş verən bölgələrdə 9698-i axtarış-xilasetmə personalı olmaqla 14 min 720 nəfərlik heyət çalışır.
Qardaş ölkədə qeydə alınan zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı əraziyə təsir edib. Belə ki, Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniye, Malatya, Adana, Diyarbakır, Şanlıurfa, Adıyaman və Kilisdə baş vermiş təbii fəlakət zamanı azı 5606 bina dağılıb.
Komando birlikləri də daxil olmaqla ümumilikdə 3500 hərbçi zəlzələdən zərər çəkmiş ərazilərdə axtarış və xilasetmə işlərinə cəlb olunub. Hazırda zəlzələ bölgəsində işlər davam etdirilir. Dağıntılar altında qalan şəxslərin xilas edilməsi üçün əməliyyatlar aparılır. Ölü sayının artacağı istisna edilmir.
Akif İsmayılov