Türkiyədə matəm elan olunması ilə əlaqədar bayraqların yarıya endirilməsinə başlanılıb.
Modern.az xəbər verir ki, ölkənin bütün şəhər və rayonlarında, eləcə də səfirliklərdə dövlət bayraqları endirilir. Rəsmi qərara əsasən, 7 gün ərzində əyləncə və şou-proqramların keçirilməsi dayandırılıb.
Qeyd edək ki, Türkiyədə zəlzələ fəlakəti ilə əlaqədar 7 günlük matəm elan edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında bu barədə məlumat paylaşıb: "2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək”.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Son məlumatlara görə, zəlzələ nəticəsində həlak olanların sayı 2316 nəfərə, yaralananların sayı isə 13 293 nəfərə çatıb.