Bu gün Ukraynayaya hərbi yardım qrupunun doqquzuncu görüşü keçiriləcək.
Modern.az xəbər verir ki, görüş Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən NATO-nun mənzil-qərargahında baş tutacaq.
Rusiyanın Ukraynaya hücumunun başlanmasının ildönümü ərəfəsində baş tutan görüşə ABŞ müdafiə naziri Lloyd Ostin rəhbərlik edəcək.
Ukrayna müdafiə naziri Oleksey Reznikovun sözlərinə görə, "Ramşteyn formatı"nda keçiriləcək görüşün gündəliyinə Ukrayna səmasının qorunması, xüsusən də döyüş təyyarələrinin tədarükü məsələsi daxildir.
Bundan başqa, iclas zamanı tank tədarük edə biləcək ölkələrin sayının artırılması, sursat ehtiyatının formalaşdırılması, Ukrayna hərbçiləri üçün hərbi təlim proqramları, logistika, texniki xidmət, hərbi texnikaların təmiri kimi mövzular da gündəmdə olacaq.
Pentaqondan bildirilib ki, görüşdə müttəfiqlər Ukraynanın təhlükəsizlik sahəsində ən aktual problemlərinə diqqət yetirəcəklər. Ukrayna rəsmiləri toplantıda Kiyevə uzun mənzilli raketlərin və döyüş təyyarələrinin tədarükü barədə qərar verilməsini gözləyir.
Xatırladaq ki, "Ramşteyn formatı"nda sonuncu görüş 2023-cü il yanvarın 20-də Almaniyadakı "Ramşteyn" aviabazasında 50 ölkənin iştirakı ilə keçirilib. Görüş zamanı əsas müzakirə mövzusu Almaniyanın "Leopard 2" tanklarının tədarükü olub. İclasda tankların verilməsi barədə mütləq qərar qəbul edilməsə də, görüşdən bir neçə gün sonra ABŞ, Britaniya, Almaniya başda olmaqla bir neçə ölkə Ukraynaya tank göndərilməsinə razılıq verib.
Akif İsmayılov