Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Bülent Arınç bu il keçirilməsi planlaşdırılan seçkilərin təxirə salınmasını təklif edib.
Modern.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
"Tarix kitablarına Böyük Cənub-Şərqi Anadolu zəlzələsi kimi düşə biləcək, təsiri illərlə yayılacaq, qəlbimizdə və ruhumuzda sağalmaz yaralar açacaq böyük bir fəlakət yaşadıq", - deyə Arınç bildirib.
Eks-spiker əlavə edib ki, Türkiyə xalqı hazırda seçki üçün deyil, həyatları üçün mübarizə aparır. O, mənzərənin çox ağrılı olduğu, buralarda seçicinin qalmadığını bildirib: "Bəlkə də, seçki vaxtı Ali Seçki Şurası əhalinin siyahıyaalınması ilə bu vilayətlərin neçə deputatla təmsil olunacağını yenidən hesablayacaq".
Seçkilərin indiki şəraitdə keçirilə bilməyəcəyini vurğulayan Arınç səsvermənin təxirə salınmasının lazım olduğunu diqqətə çatdırıb.
Türkiyə Konstitusiyasının 78-ci maddəsi seçkilərin yalnız “müharibə səbəbindən” 1 il təxirə salınmasına icazə verir. Arınç konstitusiyaya zəlzələ kimi fəlakətlərdə də seçkilərin təxirə salınmasını əlavə etməyi təklif edib.
TBMM-nin keçmiş sədri seçki tarixi ilə bağlı üç təklif irəli sürüb.
Sabiq spikerin üstünlük verdiyi ilk təklif parlament və prezident seçkilərinin 2024-cü ildə keçiriləcək yerli seçkilərlə birləşdirilməsidir. Arınçın növbəti təklifi seçkilərin 2023-cü ilin noyabrına təxirə salınmasıdır. Üçüncüsü, o, seçkilərin bütün siyasi partiyaların razılaşdığı tarixdə keçirilməsini təklif edib.
Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, Türkiyədə parlament və prezident seçkiləri iyunun 18-də keçirilməlidir. Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçirilməsini təklif edib. Zəlzələdən sonra seçkilərin iyunun 18-dən sonraya təxirə salınması barədə təkliflər səsləndirilib. İYİ Partiya sədri Meral Akşener seçkilərin təxirə salınmasına qarşı çıxıb.
Minlərlə insanın ölümünə səbəb olan zəlzələdən sonra Ərdoğan 10 vilayətdə 3 ay müddətinə fövqəladə vəziyyət (OHAL) elan edib və bu qərar Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.
Akif İsmayılov