İran prezidenti İbrahim Rəisi və Çin lideri Si Cinpinin iştirakı ilə Tehran və Pekin arasında 20 əməkdaşlıq sazişi imzalanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sazişlərə Rəisinin Çinə səfəri çərçivəsində imza atılıb.
Bildirilib ki, müqavilələr böhranların idarə olunması, turizm, rabitə və informasiya texnologiyaları, ətraf mühit, beynəlxalq ticarət, əqli mülkiyyət, kənd təsərrüfatı, ixrac, səhiyyə, media, idman və mədəni irs kimi sahələrdə əməkdaşlığı əhatə edir.
Məlumata görə, İbrahim Rəisinin Pekinə səfəri İran prezidentinin son 20 ildə Çinə ilk rəsmi səfəri hesab olunur. Rəisinin Pekinə səfərinin ilk gününün gündəliyinə Çin lideri, baş naziri və parlamentin sədri ilə görüş və əməkdaşlıq sənədlərinin imzalanması daxildir.
Qeyd olunub ki, 2022-ci ildə İrandan Çinə ixracın həcmi 58% artaraq 14 milyard dolları keçib. Çin İran mallarının birinci idxalçısı, İrana malların ikinci ixracatçısı hesab edilir.