Bu gün Avropa İttifaqının 27 ölkəsinin nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə etmək üçün Brüsseldə toplaşacaq.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, yeni sanksiyaların siyasətçilər, hərbi liderlər və dörd Rusiya bankını əhatə edəcəyi ehtimal olunur.
Agentliyin mənbələri bildirir ki, elektron sxemlər və komponentlər, termal kameralar, radiolar və ağır nəqliyyat vasitələri, eləcə də tikintidə istifadə olunan polad və alüminium, sənaye, tikinti məqsədləri üçün istifadə edilən maşınlarla bağlı sanksiyalar tətbiq ediləcək.
Rusiya ilə Avropanın birgə müəssisələrinə və Avropada yerləşən qurumların idarə heyətində təmsil olunan Rusiya vətəndaşlarına əlavə məhdudiyyətlər nəzərdə tutulub.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ötən həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirilən sammitdən sonra yeni sanksiyaların nəzərdə tutulduğunu vurğulayıb.
“Biz Putinin təbliğatçılarını hədəf alacağıq, çünki onların yalanları Rusiyada və xaricdə ictimai məkanı "zəhərləyir". Paketə 10 milyard avrodan artıq ixrac qadağaları daxil olacaq", - deyə Leyen bildirib.
Ukraynada istifadə olunan PUA-ların istehsalı ilə məşğul olan İran müəssisələrinin də "qara siyahı"ya salınması müzakirə olunur.