Avropa İttifaqı (Aİ) Ukrayna silahlı qüvvələri üçün çoxlu sayda 155 mm-lik artilleriya mərmilərinin alınması mexanizmini hazırlayır.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumatlı mənbələrə istinadən informasiya yayıb.
Agentlik bildirir ki, Aİ xarici işlər nazirləri bazar ertəsi Brüsseldə keçiriləcək görüş zamanı bu məsələni müzakirə edəcəklər. Avropa rəsmiləri və diplomatlarının fikrincə, Avropa İttifaqının birgə hərəkət etməsi ayrı-ayrı ölkələrin mərmi almasından daha səmərəli olacaq.
Xatırladaq ki, şənbə günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də Ukrayna üçün mərmi istehsalının artırılmasının zəruriliyindən danışıb. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Münhen Konfransı zamanı sursatın “kritik məsələ” olduğunu bildirib.
"Reuters" yazır ki, indi Ukrayna Silahlı Qüvvələri hər gün 2 mindən 7 minə qədər mərmi istifadə edir, Rusiya isə hər gün 20 mindən 60 minə qədər mərmi atır.
Akif İsmayılov