Almaniyanın xarici işlər naziri Annalena Berbok və daxili işlər naziri Nensi Fizer Türkiyənin zəlzələ bölgəsinə səfər edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlər tərəfindən Türkiyə və Suriya üçün təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması məqsədilə daha 50 milyon avro həcmində yardım açıqlanıb.
Bununla da Almaniyanın zəlzələ ilə bağlı yardımının ümumi həcmi 108 milyon avroya çatdırılıb.
Bundan əlavə, Almaniyada qohumları olan zəlzələ bölgəsi sakinləri üçün viza güzəştinin tətbiq olunduğu elan edilib. Belə ki, bu bölgədə yaşayan Türkiyə vətəndaşları üçün 90 günlük sürətli viza fürsəti yaradılıb. Rəsmi Berlin hüquqi prosedurları sürətləndirmək üçün əraziyə səyyar viza xidməti göstərən avtobuslar da göndərib.
Həmçinin nazirlər Türkiyəyə dəstəyin davam edəcəyini vurğulayıblar.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Dünən isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.