Ukrayna prezidenti Volodimir Zelenski müharibənin ildönümü ilə bağlı sabah mətbuat konfransı keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə müvafiq müraciət Ukrayna Prezident Ofisinin rəsmi saytında yerləşdirilib.
Konfrans "Fevral. Yenilməzlik ili" adlanacaq.
Bildirilib ki, risklər nəzərə alınaraq, konfransın vaxtı və yeri barədə ətraflı məlumat daha sonra veriləcək, media nümayəndələrinin akkreditasiyası isə bu gün yerli vaxtla saat 14:00-dək aparılır. Qeyd olunub ki, hər bir mətbuat orqanı konfransda 1 müxbir, 1 operator və 1 fotoqrafla təmsil oluna bilər.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.