Ukrayna və Rusiya arasında sülh danışıqlarına başlamaq üçün tanınmış şəxslərdən Almaniya hökumətinə təzyiqlər artır.
Modern.az xəbər verir ki, Almaniyanın ictimai yayım təşkilatı ARD-nin keçirdiyi sorğuda iştirak edən respondentlərin 58 faizi müharibənin sona çatması üçün diplomatik səylərin yetərli olmadığını bildirib.
Qeyd edilib ki, bu nisbət əvvəllər heç vaxt belə yüksək olmayıb.
Ukrayna müharibəsi ilə bağlı bir çox sənətçi, ilahiyyatçı və siyasətçilər fikirlərini bölüşüblər.
Sol partiyanın funksioneri Sahra Vaqenknext və Almaniyanın məşhur qadın hüquqları müdafiəçisi Alice Schwarzer birgə müraciətlərində dərhal sülh danışıqlarına başlanılmasını və Ukraynaya silah daşınmasının dayandırılmasını tələb ediblər.
“Qərb tərəfindən dəstəklənən Ukrayna bəzi münaqişələrdə qalib gələ bilər, lakin dünyanın ən böyük nüvə gücünə qarşı müharibədə qalib gələ bilməz”, - deyə onlar qeyd ediblər.
Ukraynanın Berlindəki səfiri Oleksey Makeyev isə t-online xəbər portalına müsahibəsində deyib ki, o, üçüncü dünya müharibəsinin başlaması ilə bağlı Qərbin narahatlığını başa düşə bilmir.
"Ukrayna artıq üçüncü dünya müharibəsini yaşayır. Rusiya bizə qarşı məhvetmə müharibəsi aparır", - deyə diplomat bildirib.
Almaniyalı məşhurlar hesab edirlər ki, yerli hökumət müharibənin dayandırılması üçün daha çox səy göstərməlidir. Almaniyada təşkil olunan sorğu iştirakçılarının böyük əksəriyyəti Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması üçün təcili danışıqların başladılmasını istəyir. Onların fikrincə, Qərb Kiyevə hərbi dəstək verib, onu müharibəyə təhrik etməkdənsə, savaşın dayandılmasına nail olmalıdır.
Rahib Ələsgərov