"Ermənistan hakimiyyəti Qarabağın itirilməsini Bakı ilə Stepanakert (Xankəndi) arasında dialoqa dair rəvayətlərlə ört-basdır etməyə çalışır".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Vardan Oskanyan deyib.
"Danışıqlar prosesinin bütün incəliklərini bilən biri kimi, hazırkı mərhələdə təhlükəli tendensiyalar görürəm. Azərbaycanla indiki formada sülh sazişinin imzalanması Qarabağda müstəqilliklə bağlı istənilən perspektivin üstündən xətt çəkəcək", - deyə o bildirib.
Eks-nazir qeyd edib ki, Ermənistan hakimiyyəti faktiki olaraq Qarabağın Azərbaycanın tərkibində olmasına razılıq verib: "Onların ritorika və hərəkətləri prosesin pərdələnməsi və yalnız özləri üçün faydalı olan formada təqdim etmək məqsədi daşıyır. Amma Bakı heç vaxt qeyri-müəyyən mətnlə sənəd imzalamayacaq. Qarabağın onlara aid olmasının kağız üzərində konkret qeyd olunmasını tələb edəcək".
Oskanyan İrəvanın "çıxış yolu" kimi BMT-nin beynəlxalq məhkəməsinə müraciət etməli olduğunu bəyan edib.