Modern.az

Həbsdən çıxan Abbas Lisani sürgün hökmünə etiraz edir

Həbsdən çıxan Abbas Lisani sürgün hökmünə etiraz edir

Dünya

2 Mart 2023, 15:06

Ötən həftə İranda həbsdən azad edilən Güney Azərbaycanın tanınmış türk vətəndaş hüquqları fəalı Abbas Lisani məhkəmənin çıxardığı sürgün hökmünə açıq şəkildə etiraz edir.

 

Modern.az xəbər verir ki, bu barədə "VOA News" yazıb.

 

İran İnqilab Məhkəməsi onu 2019-cu ildə "milli təhlükəsizliyi pozmaq məqsədilə qruplar yaratmaqda" təqsirli bilərək 8 il həbslə cəzalandırmışdı. Hökmdə onun çıxışları, mediaya verdiyi müsahibələr və etiraz aksiyalarında iştirakı milli təhlükəsizliyi pozmağa yönəlmiş fəaliyyətlərə sübut kimi göstərilib. Uzun müddətdir fəaliyyət göstərən fəal Beynəlxalq Ana Dili Gününü qeyd etmək üçün keçirilən mədəni toplantılarda iştirak etmək kimi vətəndaş kampaniyalarına görə ümumilikdə 10 ilə yaxın həbsxanada yatıb.

 

Həbsdən çıxanda əlavə olaraq iki il müddətinə sürgün cəzası da təyin edilmişdi. Polis onu Yəzd şəhərinə qədər müşayiət edib. Bundan sonra o, vətəni Ərdəbilə qayıdıb və burada onu vətəndaş hüquqları müdafiəçiləri və qohumları qarşılayıblar. İran hakimiyyəti onun məhkəmənin hökmünü ictimaiyyətə açıq şəkildə rədd etməsini hələlik şərh etməyib.

 

"Amnesty International" 2020-ci ilin oktyabr hesabatında Lisaninin həbsini siyasi motivli hesab etdiyini bildirib və onun İranın türk icmasının hüquqları uğrunda uzun müddət fəaliyyət göstərdiyinə işarə edib. Təşkilat 2006-cı ildən bəri bir neçə dəfə onu vicdan məhbusu elan edib. 

 

"Lisani itaətsizliyi, reqressiv və sərt qanunlara tabe olmaması ilə tanınır. O, ayağa qalxaraq ötən illərdə amansız və qeyri-insani şallaq cəzasına tabe olmayıb və indi də Yəzddə sürgündə yaşamaq kimi əlavə cəzanı qəbul etmir”, - Təbriz şəhərindən olan vəkil Sina Yusufi tviter səhifəsində yazıb.

 

"İranda Azərbaycan türklərinin çoxu hökumətin məktəblərdə tədrisinə icazə vermədiyi türkcədə danışır. İranın islamçı liderləri uzun müddətdir ki, ölkədə türk dilinin rəsmi istifadəsinə icazə verilməsinin azlıqlar arasında separatizmi təşviq edə biləcəyindən ehtiyat edirlər. Azərbaycanlı türk fəalları bu qadağanı tənqid edərək, bunun İran konstitusiyasının “bölgə dillərinin mətbuatda və kütləvi informasiya vasitələrində istifadəsinə, habelə məktəblərdə onların ədəbiyyatının tədrisinə” icazə verən 15-ci maddəsinə zidd olduğunu bildirirlər", - deyə qeyd olunub.

 

Abbas Lisani uzun müddətdir həm həbsxana daxilində, həm də həbsxanadan kənarda hökumət siyasətinin açıq əleyhdarı olub. Lisani 2006-cı ilin mayında da kütləvi nümayişlərdə iştirak etdiyinə görə 18 ay həbs və 50 şallaq cəzasına məhkum edilmişdi. O zaman Güney Azərbaycanda və türklərin yaşadığı bəzi bölgələrdə keçirilən etiraz aksiyaları dövlət qəzetində dərc olunan karikatura ilə alovlanmışdı.

 

Lisani həbsdə olarkən qanuni hüquqlarını müdafiə etmək üçün bir neçə dəfə aclıq aksiyası keçirib. 2016-cı ilin may ayında Abbas Lisani Şiraz şəhərindəki Adel-Abad həbsxanasında aclıq aksiyasına başladıqda, daha 11 fəal Lisanini dəstəkləmək üçün Təbriz, Ərdəbil və Kərəc şəhərlərindəki müxtəlif həbsxanalarda aclıq aksiyasına başlamışdı. 2017-ci ilin martında Ərdəbil vilayətində “milli təhlükəsizliyə zidd hərəkət etmək” və “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunan zaman Lisani İranın yeganə rəsmi dili olan fars dilində özünü müdafiə etməkdən imtina etmişdi.

 

Ərdəbil həbsxanasında 8 il cəzaya məhkum edilən Lisani həbs müddətinin yarıdan çoxunu çəkdikdən sonra ötən həftə azadlığa çıxıb. Onun hökumət əleyhinə aylarla davam edən etirazlardan sonra tənqidçiləri razı salmaq məqsədi daşıyan hökumət amnistiyası nəticəsində azad edildiyi güman edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu