Türkiyə müxalifətinin "Altılı Masa" siyasi ittifaqını tərk etmiş İYİ Partiya sədri Meral Akşener vahid namizədin müzakirə olunduğu toplantıda baş verənlərdən danışıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akşener o günə qədər heç bir şəkildə kiminsə namizədliyi məsələsinin müzakirə olunmadığını bildirib.
"Toplantı başladı və oturduq. Baxdım ki, məndən başqa hamı ilə Kılıçdaroğlunun namizədliyi razılaşdırılıb. Ən sonda mənə söz verilənə qədər masadakı hər kəs Kamal bəyin namizədliyini dilə gətirdi. Mən isə dedim ki, bizim sorğularımızda Yavaş və İmamoğlu öndə gəlir. İstəyirsinizsə, birgə ümumi bir sorğu sifariş edək və ona görə hərəkət edək. Kılıçdaroğlu bunu qəbul etmədi və təklifimdən hiddətlənib ayağa qalxdı. Namizədliyi ilə bağlı ortaq bəyanatın imzalanmasını tələb etdi. Mən də dedim ki, partiyada məsləhətləşmədən belə bir qərar verə bilmərəm. Dedi ki, siz imzalamayın o zaman, biz özümüz imzalayıb ictimailəşdirərik. Mən "onda masadan qalxım" söylədim. Ali Babacan ortalığı sakitləşdirməyə çalışdı. Nəticədə namizədin adı barədə yox, namizədlik məsələsində razılıq əldə olunduğu barədə mətnə imzalar atıldı", - deyə Akşener söyləyib.
Qeyd edək ki, "Altılı Masa"nın sözügdən toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.
İYİ Partiya idarə heyəti Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə sədr Meral Akşener "Altılı Masa"nı tərk etdiklərini elan edib.
Ötən gün Səadət Partiyanın sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi görüşə CHP lideri Kamal Kılıçdaroğlu, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat Partiyasının lideri Gültekin Uysal qatılıblar.
Namizədin sabah keçirilməli olan növbəti toplantıda elan olunması gözlənilir.