Türkiyənin müxalif DEVA Partiyasının sədr müavini Mehmet Emin Ekmen İYİ Partiya sədri Meral Akşenerin "Altılı Masa"nın vahid namizəd barədə müzakirə keçirilən toplantısı ilə bağlı dediklərini təkzib edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Babacanın müavini Akşenerin "Kılıçdaroğlu hiddətlənərək ayağa qalxdı" açıqlamasının yalan olduğunu bildirib.
"Hələ toplantıdan sonra bir saat, bir saat yarım oturdular, birgə yemək yedilər", - deyə Ekmen söyləyib.
Qeyd edək ki, Akşener həmin iclas barədə bunları demişdi: "Toplantı başladı və oturduq. Baxdım ki, məndən başqa hamı ilə Kılıçdaroğlunun namizədliyi razılaşdırılıb. Ən sonda mənə söz verilənə qədər masadakı hər kəs Kamal bəyin namizədliyini dilə gətirdi. Mən isə dedim ki, bizim sorğularımızda Yavaş və İmamoğlu öndə gəlir. İstəyirsinizsə, birgə ümumi bir sorğu sifariş edək və ona görə hərəkət edək. Kılıçdaroğlu bunu qəbul etmədi və təklifimdən hiddətlənib ayağa qalxdı. Namizədliyi ilə bağlı ortaq bəyanatın imzalanmasını tələb etdi. Mən də dedim ki, partiyada məsləhətləşmədən belə bir qərar verə bilmərəm. Dedi ki, siz imzalamayın o zaman, biz özümüz imzalayıb ictimailəşdirərik. Mən "onda masadan qalxım" söylədim. Ali Babacan ortalığı sakitləşdirməyə çalışdı. Nəticədə namizədin adı barədə yox, namizədlik məsələsində razılıq əldə olunduğu barədə mətnə imzalar atıldı".
Onu da xatırladaq ki, "Altılı Masa"nın sözügdən toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.
İYİ Partiya idarə heyəti Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə sədr Meral Akşener "Altılı Masa"nı tərk etdiklərini elan edib.
Bundan sonra Səadət Partiyanın sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi görüşə CHP lideri Kamal Kılıçdaroğlu, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat Partiyasının lideri Gültekin Uysal qatılıblar.
Namizədin bu gün keçirilməli olan növbəti toplantıda elan olunması gözlənilir.