Türkiyədə Meral Akşenerin sədrlik etdiyi İYİ Partiya bu gün toplantı keçirəcək.
Modern.az xəbər verir ki, "Deutsche Welle"nin jurnalisti Nevşin Mengü bu barədə kulis məlumatlarını tviter səhifəsində bölüşüb.
"İYİ Partiya bu gün "Millət İttifaqı"ndan əvvəl toplanır. Çox güman ki, partiya alternativ bir ismi prezidentliyə namizəd olaraq elan edəcək. Texnokrat, gənclərin isti yanaşdığı adlar masada olacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, seçkilərin 14 mayda keçirilməsi gözlənilir. İYİ Partiya idarə heyəti Kemal Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə sədr Meral Akşener "Altılı Masa"nı tərk etdiklərini elan edib.
Bundan sonra Səadət Partiyanın sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi görüşə CHP lideri Kamal Kılıçdaroğlu, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat Partiyasının lideri Gültekin Uysal qatılıblar.
"Millət İttifaqı"nın namizədinin bu gün keçirilməli olan növbəti toplantıda elan olunması gözlənilir.