Türkiyənin müxalif Xalqların Demokratik Partiyası (HDP) Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, "Millət İttifaqı"nın vahid namizədi Kamal Kılıçdaroğlunu seçkilərdə dəstəkləyəcəklərini açıqlayıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın həmsədri Mithat Sancar bu barədə danışıb.
"Cənab Kılıçdaroğlunun namizədliyi xeyirli olsun. Qərargahımızda bu məsələləri müzakirə etmək üçün onun ziyarətini gözləyirik", - deyə Sancar söyləyib. O, partiyanın seçkiyə başqa namizəd çıxarmayacağını da əlavə edib.
Bundan sonra hazırda həbsdə olan sabiq HDP həmsədri Selahettin Demirtaş da tviter səhifəsində M.Sancarın açıqlamasını paylaşıb.
"Xeyirli olsun. Onu HDP qərargahına gözləyirik", - deyə CHP liderinə dəstəyini ifadə edib.
Qeyd edək ki, 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub.