"Millət İttifaqı"nın CHP lideri Kemal Kılıçdaroğlunu prezidentliyə namizəd olaraq açıqlaması və parlamentli respublika sisteminə keçidlə bağlı yol xəritəsini elan etməsi "Cümhur İttifaqı"nda - AKP və MHP siyasətçiləri arasında müxtəlif reaksiyalara səbəb olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iqtidar təmsilçiləri sosial şəbəkələrdə Kılıçdaroğlunun namizədliyinə münasibət bildiriblər.
AKP-nin parlament fraksiyasının sədr müavini Bülent Turan yazıb: "Cənab Kılıçdaroğlunun namizədliyi münasibətilə təbrik edirəm, ən yaxşı hakim millətdir. Lakin təkpartiyalılıq və çevriliş dövrləri xaricində hakimiyyətə gələ bilməyən CHP-nin namizədinin guya Milli Görüş hərəkatının təmsilçisi olan Səadət Partiyasında elan olunması bu partiya üçün tarixi utancdır. Nəticə nə olursa olsun, bu vəziyyət ömür boyu onların üzünə vurulacaq!".
AKP-li digər deputat və fraksiyanın İntizam Komitəsinin sədri Yusuf Başer isə belə reaksiya verib: "Davalı evə qız verilməz. Öz içində bu cür mübahisələr olan strukturdan millətə və ölkəyə heç bir xeyir gəlməz".
AKP millət vəkili Ramazan Can isə “yeganə rəqibimiz özümüzük” deyib
MHP-nin sədr müavini Semih Yalçın da bu mövzuda tviter səhifəsində paylaşım edib: “İP müdirəsi Meral Akşener oyun qurmaq istəyərkən oyuna düşdü. Ölünü görən kimi malyariyaya yoluxmağa razı oldu. O, qumar masasına qayıtdı. Bu o deməkdir ki, Qərb dəyişməyib".
MHP İH üzvü və Adananı təmsil edən deputat Muharrem Varlı isə "qumar masası quruldu, notariusun təsdiqi ilə Kılıçdaroğlu "Millət İttifaqı"nın prezidentliyə namizədi oldu", - deyə qeyd edib.
Xatırladaq ki, 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub.