Türkiyə müxalifətinin prezident postuna namizədi Kamal Kılıçdaroğlu aralarında mübahisə yaranan İYİ partiyanın sədri Meral Akşenerdən danışıb.
Modern.az xəbər verir ki, o, rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının (CHP) parlamentdəki iclasında çıxışı edib.
"Meral Akşener böyük mübarizə aparır. Bunu bilməyinizi istəyirəm. Mən ona minnətdaram. Lazım gəlsə, yumruğunu stola vurur, ya da arada millətçi damarı tutur", - deyə Kılıçdaroğlu bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl "Altılı masa" adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb və o, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb. Bələdiyyə başqanları Mansur Yavaş və Əkrəm İmamoğlu ötən gün Akşeneri ziyarət edərək, onu "Altılı masa"ya qayıtmağa razı salıb.
Müxalif koalisiya martın 6-da keçirilən iclasında Kılıçdaroğlunun vahid namizəd olmasına "yaşıl işıq" yandırıb. İclas Səadət partiyasının qərargahında təşkil olunub. Görüşdə Səadət partiyasının sədri Temel Karamollaoğlu, CHP lideri Kamal Kılıçdaroğlu, İYİ partiyasının sədri Meral Akşener, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat partiyasının lideri Gültekin Uysal iştirak edib. Akşener Ankara və İstanbul bələdiyyə sədrlərinin vitse-prezident olma şərti ilə Kılıçdaroğlunun namizədliyinə razılıq verib.