Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan İranla bağlı açıqlama verib.
Modern.az-ın xəbərinə görə, nazir bildirib ki, İranla diplomatik əlaqələrin bərpası üzrə razılaşma ixtilafları kommunikasiya və dialoq yolu ilə həll etmək sahəsində qarşılıqlı istəyi təsdiqləyir, lakin bu, iki ölkə arasındakı bütün fikir ayrılıqlarının həll edilməsi anlamına gəlmir.
O, Tehranla yeddi ilə yaxın davam edən gərginliyin azaldığını, yaxın vaxtlarda qarşılıqlı səfərlərin təşkil ediləcəyini söyləyib.
“Biz ümid edirik ki, İranla münasibətlərdə yeni səhifə açılacaq. Tehranın nüvə imkanlarını davamlı şəkildə inkişaf etdirməsinə gəlincə, bu, şübhəsiz ki, bizdə böyük narahatlıq doğurur. Biz Körfəz regionu və Yaxın Şərqin kütləvi qırğın silahlarından azad olması çağırışımızı təkrar edir, İranı nüvə öhdəliklərinə sadiq qalmağa və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı gücləndirməyə çağırırıq. Bunu təmin etmək üçün müttəfiqlərimiz və dostlarımızla işləməyə davam edəcəyik”, - deyə nazir vurğulayıb.