Sabah Ukraynaya hərbi yardım üzrə təmas qrupunun yeni iclası (Ramşteyn toplantısı) keçiriləcək.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin ilə ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığından sonra Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Pentaqonun məlumatında bildirilib ki, Ostin Reznikovu Ukraynaya təhlükəsizlik yardımı göstərmək səyləri barədə məlumatlandırıb. Ukraynalı nazir də öz növbəsində ona cəbhədəki son hadisələrdən danışıb.
Qeyd edək ki, fevralın 14-də Ramşteyn formatında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun 9-cu iclası keçirilib. Həmin gün NATO üzvü olan ölkələrin müdafiə nazirləri Ukraynaya yardımı müzakirə etmək üçün bir araya gəliblər. Kiyevə tank və döyüş təyyarələrinin tədarükü ilə bağlı müzakirələrdən sonra Qərb müttəfiqləri əsas diqqəti sursatların ötürülməsinə yönəltmək qərarına gəliblər.