"ABŞ vurulan pilotsuz təyyarənin başqa əllərə düşməməsi üçün addımlar atır".
Modern.az CNN-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının kommunikasiya direktoru Con Kirbi deyib.
Onun sözlərinə görə, oxşar hallar əvvəllər də olub, lakin sonuncu insident Rusiyanın qeyri-peşəkar, ehtiyatsız və təhlükəli hərəkətləri ilə xüsusilə seçilib.
"Aydındır ki, biz istəmirik ki, dron bizdən başqa bir tərəfin əlinə keçsin", - Kirbi bildirib.
O əlavə edib ki, Moskvanın Ukraynadakı vəziyyətlə bağlı bəyanatları böyük şübhə ilə qarşılanmalıdır.
Dünən ABŞ ordusu məlumat yayıb ki, Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Krım bölgəsindəki Rusiya "sərhədi" istiqamətində ABŞ PUA-sının uçuşu qeydə alınıb və buna cavab olaraq Rusiya qırıcıları havaya qaldırılıb.