ABŞ müdafiə naziri Lloyd Ostinin rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığının detalları açıqlanıb.
Modern.az xəbər verir ki, Pentaqon və ABŞ Müdafiə Nazirliyi telefon danışığı barədə məlumat yayıb.
Nazirlər Amerika PUA-sının Qara dənizə düşməsi ilə bağlı insidenti müzakirə ediblər. Pentaqon Rusiya qırıcılarının uçuşunu qeyri-peşəkar, təhlükəli və ehtiyatsız adlandırıb. Ostin vurğulayıb ki, Birləşmiş Ştatlar beynəlxalq qanunların icazə verdiyi yerdə uçmağa və hərəkət etməyə davam edəcək.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Şoyqu hadisənin səbəbinin Amerikanın Rusiya Federasiyasının elan etdiyi uçuşa qadağa zonasına əməl etməməsi olduğunu bildirib. Şoyqu qeyd edib ki, ABŞ-ın pilotsuz uçuş aparatının Krım sahillərində uçuşları təxribat xarakterlidir və vəziyyətin gərginləşməsi üçün ilkin şərtlər yaradır. Rusiyalı nazir vurğulayıb ki, Rusiya ABŞ-ın pilotsuz uçuş aparatlarının Rusiya Federasiyasının sərhədləri yaxınlığında uçuşu kimi bütün təxribatlara cavab verməyə davam edəcək.
***
22:18
ABŞ müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, məlumatı Rusiya tərəfi yayıb.
Telefon danışığının ABŞ-ın təşəbbüsü ilə baş tutduğu bildirilir. Nazirlər Amerikaya məxsus pilotsuz uçuş aparatının Qara dənizə düşməsi ilə bağlı insidenti müzakirə ediblər.
Dünən ABŞ ordusu məlumat yayıb ki, Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Krım bölgəsindəki Rusiya "sərhədi" istiqamətində ABŞ PUA-sının uçuşu qeydə alınıb və buna cavab olaraq Rusiya qırıcıları havaya qaldırılıb.