Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına istənilən yardımı alqışlamaq olar, ancaq Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli razılaşmalar əsasında.
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, onlara alternativ yoxdur.
“İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin aradan qaldırılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı, ilk növbədə, Rusiya ilə birgə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik barışıq sazişini dəstəkləyəcək başqa hüquqi əsaslar yoxdur. Ona görə də bu üçtərəfli sənədlərin heç bir alternativi yoxdur”, - deyə Peskov bildirib.
ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşünü şərh edən Peskov deyib:
“Təbii ki, bu əsasda nizamlanmaya töhfə verə biləcək istənilən yardım alqışlanacaq. Amma biz onu da bilirik ki, tənzimləmənin əsaslarını sarsıtmaq üçün müxtəlif cəhdlər olur ki, bu da nəticə verməyə bilər. Ümid edək ki, bu, birinci variantdır”.
***
15:40
Kreml Azərbaycan və Ermənistan XİN başçıları arasında ABŞ-da keçirilən görüşə münasibət bildirib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında danışıb.
"Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar istisna olmaqla, problemin nizamlanması üçün başqa hüquqi əsaslar yoxdur. İrəvanla Bakı arasında vəziyyətin nizamlanmasına yardımı alqışlamaq olar, ancaq yuxarıda qeyd olunan razılaşmalar əsasında", - Kreml rəsmisi əlavə edib.
Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Ararat Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.