Bəzən insanlar haqqında danışmağa çox çətinlik çəkirsən. Ona ünvanlamaq üçün söz axtarırsan. Bəzən isə o söz özü muncuq kimi dilimizin ucuna düzülür. Sadəcə öz ünvanına çatdırmaq üçün sənin danışmağına və yaxud da yazmağına ehtiyac duyulur.Sözün aliliyində ilahi sözlər bəzənir və bu sözlər ruhumuzla,canımızla öz yoluna davam edir. Dünyanın gözəllik üstündə bərqərar olduğunu da ağıllı insanlar daha gözəl dərk edir.Haqqında söhbət açacağım insan da bu gözəl dünyanın gözəlliyindən zövq ala-ala öz ömrünü yaşayır. Bu insan marifpərvər və xeyriyyəçi General İsmayıl bəy Qutqaşınlının dünyaya göz açdığı Qəbələni söz çələnginə bürüməyi və anamız Azərbaycanı misra-misra sevdirməyi və sevməyi bir şair kimi,bir vətəndaş kimi bacaran şair dostum Mirhəsən Ağayevdir.
Düzü Qəbələ torpağının işıqlı insanları Musa Məmmədov, Sadıq Səlimov, yazıçı-jurnalist dostum Akif Cabbarlının atası İsmayıl kişi və əmisi Ələsgər Cabbarov, Rafiq Ələkbərov, Xalid Əlimirzəyev, Tacəddin Şahdağlı, Ağa Əliquliyev, Kamil Məmmədov, Cahangir Qəhrəmanov, Fərhad Mehdiyev, Nadir Mehdiyev, Abid Tahirli, Natiq İbrahimov, Ağalar İbrahimov, Nəriman Cavadov, Səməd Səmədov , Dağlar Səfərov, Fəxrəddin Babayev, Əjdər Şəfizadə, Vaqif Yaquboğlu kimi kişilərlə çörək kəsib, dostluq eləməyim bu yurdun insanlarına olan məhəbbətimdən irəli gəlir.
İndi isə ürəyinə yol tapan uzun illərdən bəri tanıdığım şair dostum Mirhəsən Ağayev barəsində danışmaq istəyirəm. Mirhəsən müəllim şairliyi ilə yanaşı xeyir-şər adamı kimi,bir ağsaqqal kimi Qəbələdə xətir-hörmət sahibidir. Deyərdim ki, o bölgədə Balakəndən İsmayıllıyadək eləcə də Ağdaşadək bütün rayonların el məclislərinə dəvət alan və sayılıb-seçilən kişilərdəndir. Bu yazını yazmaqda məqsədim dostum Mirhəsən Ağayevin poeziyasından danışmaqdır. Bu günlər ailəmlə birlikdə Xankəndidə olduğum zaman eşitdim ki dostumun "Ara məni"adlı şeirlər kitabı işıq üzü görüb. Mirhəsən müəllim həmin kitabı mənə elə Xankəndidə hədiyyə elədi.
Kitabı qısa bir müddətdə oxudum. Kitabın redaktoru və ön söz müəllifi, həmkarım və dostum, AYB-nin və AJB-nin üzvü Cəlil Xeyirbəyin əhatəli yazısı çox xoşuma gəldi.
Onuda qeyd edim ki,Mirhəsən Ağayevin Vətən və Şəhid mövzusunda şeirləri daha gözəl alınır.
Bu kitab Mirhəsən müəllimin oxucularla görüşə gəldiyi 8-ci kitabıdır.
Kitabın korrektoru, "Qəbələnin səsi" Ədəbi Birliyinin sədri, gözəl şair Şəhla Xəlilqızıdır.
Mirhəsən Ağayev Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qəbələnin səsi" Ədəbi Birliyinin sədr müavini,Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) üzvüdür. Şair bununla yanaşı bır sıra təşəkkürnamə və diplomlara da layiq görülüb.
İndi isə onun tanınmış iş adamı,ehtiyatda olan zabit Əjdər Şəfizadəyə həsr elədiyi şeirin bir bəndini xatırlatmaq istəyirəm.
Yaxşılıq eylədin hər yetənə sən,
Bu yolda uğurla öndə gedirsən,
Sənə əhsən deyir şair Mirhəsən,
Hər cür öhdəliyi ödər müəllim,
Şöhrətin yayılıb Əjdər müəllim.
Bəli,şair Mirhəsən Ağayev ithaf şeirləri də bax belə gözəl alınır.
Şair Mirhəsən Əlibala oğlunun şagird dostu ,tanınmış yazıçı-publisist Akif Cabbarlının onun haqqında fikirlərini diqqətinizə çatdırmaq yerinə düşər.
"Ömrü boyu kənddə yaşayan, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan, idmanı özünün və ətrafındakıların gündəlik həyat tərzinə çevirməyi ustalıqla bacaran sadə bir insanın şahidi olduğu hadisələr, yaşadığı ülvi hisslər nəsrin və poeziyanın əzəli qanunları çərçivəsində, ədəb-ərkan və milli dəyərlər səviyyəsində oxuculara təqdim olunur.
Mirhəsən müəllimin ürəyindən keçənlərin sınanmış barometrinə çevrilirsə, deməli, müəllif məqsədinə çata bilmişdir.
Mirhəsən müəllimin anası Balaxanım nənəni yaxşı xatırlayıram. Bu xanım-xatun qadın doxsan üç il ömür sürdü. Ömrünün son həftələrində də yaddaşı üstündəydi. Onunla hər görüş bizim üçün əsl bayrama çevrilərdi. Bayatılar söylər, xatirələr danışar, Azərbaycanın müxtəlif guşələrində, Dağıstanda keçirdiyi xoş məqamları yada salardı. On uşaq böyütmüş “Qəhrəman ana” adına layiq görülmüşdü. Onun qardaşı Baba Babayev də məsul vəzifələrdə çalışsa da, əsl ürək adamı idi, bir neçə şeirlər kitabı çıxmışdı. Mirhəsənin atası Əlbala müəllim rayonun adlı-sanlı ziyalılarından, ağsaqqallarından olub. Belə bir mühitdə doğulub boya-başa çatan qardaşımız yazmaya bilməzdi və onun poetik dünyası gəncliyindəki kimi, yenə zəngindir, gözəl duyğularla dopdoludur".
Qələm dostum Akif Cabbarlının Mirhəsən müəllim haqqında gözəl yazısını dəfələrlə oxudum və bu yazı məni yeni mövzuya müraciət eləməyə çağırdı.
Mirhəsənin “İsmayıl bəy Qutqaşınlının əziz xatirəsinə”, “Xocalı”, “Yavaş-yavaş qoclıram”, “Mənim üçrəngli bayrağım” və digər şeirlərində keçmişə ehtiram, gələcəyə inam, insana sevgi, vətənə məhəbbət hissləri obrazlı ifdələrlə, parlaq simvolizə yolu ilə təqdim olunur.
Vaxt yetişər, düşmənləri əzərik,
Şuşanı, Laçını bir-bir gəzərik.
Gül-çiçəklə o yerləri bəzərik,
Düşməni qovarıq yuvasınadək,
...İndi gedəmmirik biz Qarabağa.
Bəli, Mirhəsən kişi, uzun illər gözlədiyimiz o gün gəldi və milyonlarla azərbaycanlının arzusu reallaşdı.
Biz Qarabağımıza döndük.
Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına və ər igidlərimizin göstərdiyi sücaət nəticəsində.
Bu ilin iyul ayında Mirhəsən Ağayevlə Xankəndini,Şuşanı,Laçını gəzdik.İgidlərimizin qalxdığı Şuşa qalasının sıldırımlarını gördük,İsa bulağından su içdik.
Şair qardaşım ,Siz yeni şeirlər yazın bizdə oxuyub fikirlərimizi yazaq.
Qələminiz iti,sözünüz tükənməz olsun!
Kitabınız mübarək!
Mübariz Süleymanlı,
AYB-nin və AJB-nin üzü, Türk Ağsaqqalları Birliyinin İdarə Heyətinin üzvü,
şair-jurnalist