Maliyyə naziri Hesablama Palatasının bəzi rəylərini qəbul etmədiyini bildirib.
Modern.az xəbər verir ki, maliyyə naziri Samir Şərifov bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.
"Palatanın rəyi ilə tanış olmuşuq. Amma bununla bağlı qeyd edilənlərin hamısını qəbul etmirik, düzgün hesab etmirik. Nəzərə alınmayan məsələlər var. Elə müraciətimizi də bu istiqamətdə edəcəyik”, - nazir vurğulayıb.
Qeyd edək ki, oktyabr ayının 28-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib. İclasda Kollegiyanın gündəliyinə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi”nin, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi”nin və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi”nin layihələrinin rəylərinə baxılıb, ətraflı müzakirə edildikdən sonra təsdiqlənib və müvafiq qaydada Azərbaycan Respublikası Milli Məclisinə göndərilib.