Ukraynadakı müharibəyə görə bir çox məşhur şirkət Rusiyanı tərk etsə də, onların məhsullarını tapmaq hələ də mümkündür.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyində dərc olunan məqalədə deyilir.
Məqalədə deyilir ki, "Coca Cola" daşıyan yük maşınları Rusiya sərhədindən keçir, insanlar "Zara"dan ən son model geyimlər alır, yerli onlayn bazarlarda IKEA-nın mebel ehtiyatları satılır.
Müəllif yazır ki, Avropa, Şimali Amerika və Yaponiya şirkətlərinin Rusiyanı tərk etmələrinə baxmayaraq, çatdırılma müddəti daha uzun və bəzi mallar daha baha olsa da, sanksiyaların rus istehlakçılarına təsiri minimaldır. Rusiya məşhur şirkətlərin məhsullarının ölkəyə daxil olmasına mane olmur.
İspaniyanın məşhur "Zara" geyim mağazası Rusiyadakı 502 mağazasını bağlayıb. Ancaq ruslar Belarusa gedərək oradan özlərinə "Zara", "Bershka" və "Massimo Dutti" paltarları alıb geri qayıdırlar.
"Coca-Cola" şirkəti keçən il Rusiyada içki istehsalını və satışını dayandırsa da, Avropa, Qazaxıstan, Özbəkistan və Çindən bu şirkətin məhsulları Rusiyaya daşınır.
Məqalədə deyilir ki, ötən il Çin-Rusiya arasında ticarət dövriyyəsi 186 milyard dollar çatıb, Türkiyənin Rusiyaya ixracı 61,8% artaraq 9,34 milyard dollara, Qazaxıstanın ixracı isə 25,1% artaraq 8,78 milyard dollara çatıb.