Modern.az

Son günlər şəkər tozu tapılmır - QITLIĞIN SƏBƏBİ NƏDİR?

Son günlər şəkər tozu tapılmır - QITLIĞIN SƏBƏBİ NƏDİR?

İqtisadiyyat

19 İyun 2023, 12:32

Son günlər Azərbaycanda şəkər tozu qıtlığı yaşanır. Belə ki, paytaxtla yanaşı, regionlarda fəaliyyət göstərən əksər market və bazarlarda şəkər tozunun olmadığı bildirilir. Buna səbəb kimi Ukraynadan şəkər idxalının dayandırılması göstərilir. Vətəndaşların fikrincə, sahibkarlar əllərində olan məhsulu baha qiymətə satmaq üçün gizlədiblər.

 

Bəs qıtlığın gerçək səbəbi nədir? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlamasında bildirib ki, hazırkı vəziyyət lazımı tədarükün görülməməsi ilə əlaqədardır:

 

“Hər il yay aylarında sənaye üsulu ilə, həm də bəzi yerli təsərrüfatlarda, hətta evlərdə kompot bağlamaq, mürəbbə hazırlamaq prosesi gedir. Ona görə də şəkər tozu əhali tərəfindən kütləvi şəkildə alınır. Ola bilsin ki,  mövsümlə əlaqədar əvvəlcədən lazımi qədər tədarük olunmayıb. Yaxın günlərdə şəkər tozunun alışa uyğun olaraq tədarükü təmin ediləcək. Amma çox güman ki, qiymətlər bir qədər artacaq. Azərbaycanda sahibkar qiymətləri yalnız dövriyyə ilə tənzimləyir. Dövriyyə azalanda qiymətlər sabitləşir. Dövriyyə çoxaldıqda isə  qiymətlər artırılır ki, onlar daha çox gəlir əldə edə bilsin. Bu, inhisarçı bazarın xüsusiyyətlərindəndir. Biz yüz faiz önümüzdəki günlərdə şəkər tozunun bollaşmasının və qiymətlərin artımının şahidi olacağıq”.

 

 

İqtisadçı şəkər tozunun qiymətinin nə qədər artacağı barədə ehtimallarını da dilə gətirib:

 

“Şəkər qiymətinin dünya bazarında bahalaşması mövsümlə əlaqədardır. Tələb artıb, təklif sabit qalanda qiymət artır. Bizdə şəkər tozunun qiyməti səhv etmirəmsə 1 manat 80 qəpikdir. Yəqin ki, qiymət 1 manat 90 qəpiyə, 2 manata yüksələcək” .

 

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov mağazalarda şəkər tozunun tapılmaması ilə əlaqədar ona vətəndaşlar tərəfindən çoxsaylı zənglər daxil olduğunu deyib.

 

 

“Bu il meyvələrin qiymətləri aşağıdır. Əriyin qiyməti son 25 illə müqayisədə ən aşağı həddədir. Bu səbəbdən vətəndaşlar kütləvi şəkildə mürəbbə hazırlayır. Belə olan halda şəkərə tələbat artıb. Azərbaycanda kifayət qədər şəkər ehtiyyatı var. Lakin böyük supermarketlərdə problemlər var. Çünki supermarketlər təchizatçıların pulunu vaxtında qaytarmırlar. Supermarketlər şəbəkəsi tanıyıram ki, təchizatçılara 28 milyon manat borcludur. Ümumiyyətlə, borcu vermək istəmirlər. Təchizatçılar isə onlardan asılıdır. Onları tənqid edə bilmirlər. Bunun da səbəbi marketlər üçün qaydaların olmamasıdır. Pulu qaytarmadıqları üçün şəkər tozunu marketlərə göndərmirlər”.

 

 

QHT sədrinin fikrincə, supermarketlər süni qiymət artımına səbəb olur:

 

“Əhalinin tələbatının artıq olması səbəbiylə qıtlıq yaranıb. Bu müvəqqəti haldır. Tezliklə həll ediləcək və yenidən bolluq olacaq. Məncə, istehsalçılar yox, marketlər vəziyyətdən sui-istifadə edib şəkər tozunun qiymətini süni şəkildə qaldıra bilərlər. Ümumiyyətlə, məhsulların qiyməti marketlər tərəfindən ən azı 25 faiz artırılır. Çünki marketlərə nəzarət üçün Nazirlər Kabinetinin hansısa qərarı mövcud deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi