Modern.az

Yeni Rəqabət Məcəlləsi hansı nəticələri doğuracaq?

İqtisadiyyat

25 Yanvar 2024, 09:24

Ötən gün Azərbaycan Prezidenti Rəqabət Məcəlləsinin təsdiq olunması ilə bağlı Fərman imzalayıb.

Əvvəlcə onu qeyd edək ki, Məcəllənin qəbul olunmasının vacibliyi zaman-zaman vurğulanırdı və uzun müddət idi ki, Milli Məclisdə müzakirə edilirdi. Məcəllə ölkəmizdə rəqabət mühitinin təmin edilməsi və haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən olunması məqsədlərinə cavab verən səviyyədə hazırlanıb.

Məcəllənin əhəmiyyətinə gəldikdə, bu, bütövlükdə sosial-iqtisadi sahədə yeni mərhələnin başlanmasına təkan vermiş olacaq.

Məcəllənin özündə kifayət qədər müsbət müddəlar ehtiva etdiyi şübhəsizdir. Ondan başlayaq ki, sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən Məcəllə iqtisadi tənzimləmənin səmərəliliyinin yüksəlməsində, iqtisadiyyatın “ağardılması”nda mühüm rol oynayacaq, təbii inhisar subyektlərinin fəaliyyətinin effektivliyini artıracaq.

Rəqabət Məcəlləsinin qəbul olunmasının, ilk növbədə özəl sektorun fəaliyyətində dönüş yaradacağı şübhəsizdir. Bu sektorun üzləşdiyi müəyyən problemlər aradan qalxacaq. Haqsız rəqabət və inhisarçılıq meyillərinin azalması özəl sektorun daha da inkişafı ilə nəticələcək. Məcəllənin tətbiqi biznes mühitinin cəlbediciliyinin artmasına yol açacaq, azad rəqabət və əlverişli biznes mühiti daha da zənginləşəcək. Bu isə öz növbəsində investisiya qoyuluşlarının artması ilə sonuclanacaq.

Məcəllənin tətbiqi bazara giriş maneələrini də neytrallaşdıracaq. Nəticə etibarilə mikro, kiçik və orta sahibkarlığın inkişafına əlavə töhfə veriləcək, bazar iştirakçılarının sayında əhəmiyyətli artım müşahidə olunacaq. Başqa bir önəmli məqam odur ki, yerli təsərrüfat subyektlərinin daxili və xarici bazarlarda rəqabətqabiliyyətliliyi yüksələcək. Eyni zamanda innovasiya fəaliyyətinin, özəl sektorda rəqəmsallaşmanın tətbiqi genişlənəcək.


Bütün bunlar hazırda ölkəmizin qarşısında duran əsas məsələlərdən biri olan-işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması prosesini sürətləndirəcək. Sahibkarlar üçün yaradılan daha əlverişli mühit onları bu ərazilərdə fəaliyyətə təşviq edəcək.

Ona diqqət etməliyik ki, Məcəllə bütövlükdə hər bir insanın həyatına müsbət mənada təsir göstərəcək. Çünki sadalanan müsbət dəyişikliklər sonucda sosial rifahın yüksəlməsinə təsir göstərəcək. İlk növbədə yeni iş yerlərinin açılması gerçəkləşəcək. Kiçik və orta sahibkarlıq subyektlərinin kəmiyyətinin artması bunu qaçılmaz edəcək.

İkincisi, məhsul və xidmətlərin çeşidi, seçim imkanı artacaq ki, bu da əsassız qiymət artımını önləyəcək, yəni istehsalın və təklifin artması qiymətlərin azalmasına səbəb olacaq, qiymətlərin optimallaşması gerçəkləşəcək, ədalətli rəqabət məhsul və xidmətlərin keyfiyyətini yüksəldəcək.

Rəqabət Məcəlləsi aşağı və yüksək inhisar qiymət meyarlarını müəyyən edir. Yəni, gömrük və vergi xərclərini çıxsaq, hər hansı ərzaq dükanı (marketlər və s.) qiymətləri müəyyən edilmiş gəlirlik bazasından yuxarı təyin edə bilməyəcəklər.

Göründüyü kimi, Məcəllə istehlakçıların hüquqlarının müdafiəsinin güclənməsi üçün də yeni imkanlar vəd edir.

Beləlikə, Məcəllənin ölkə iqtisadiyyatının taleyində müsbət mənada dönüş yaradacağı şübhəsizdir. İnhisarçılıqla mübarizədə mühüm rol oynayacaq, sosial rifaha töhfə verəcək, özəl sektorun daha da irəli getməsi üçün əlavə fürsətlər doğuracaq. Məcəllə daxili bazarda müsbətə doğru ciddi dəyişikliklərə səbəb olacaq, sahibkarların, xüsusən də kiçik və orta sahibkarların uğurlu fəaliyyət göstərməsi üçün maneələri aradan qaldıracaqdır. Bunun üçün nöbvəti addım kimi Məcəllənin işlək qanuna çevrilməsi olduqca vacibdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir