Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ötürülən nefti Qırmızı dənizdən yan keçməklə Taylanda göndərib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi treyderlərin məlumatlarına istinadən bildirib.
Məlumata görə, Azərbayancandan göndərilən təxminən 1 milyon barel nefti daşıyan "Tilos I" tankeri Süveyş kanalı və Qırmızı dəniz vasitəsilə deyil, Afrikadakı Ümid burnunun ətrafından keçməklə Taylanda getmək məcburiyyətində qalıb.
Yanvarın 22-də Yunanıstanın “Dynacom” şirkətinə məxsus gəmi Türkiyənin Ceyhan limanından yola düşüb. Yükün martın 8-də Tailandın Şri Raça limanına çatacağı gözlənilir.
Agentlik qeyd edir ki, Yəməndəki husi qiyamçılarının Qırmızı dənizdə hücumları Süveyş kanalı və Qırmızı dənizdən keçən gəmilərə təhdid yaradıb. Bu da yükdaşıma qiymətlərinin bahalaşmasına səbəb olur.