Modern.az

DSMF banka qoyduğu depozitin faizini hara xərcləyir? - Tənqidə CAVAB

DSMF banka qoyduğu depozitin faizini hara xərcləyir? - Tənqidə CAVAB

İqtisadiyyat

5 Fevral 2024, 13:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə dair açıqlama verilib.

 

Modern.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib ki, DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsilə bağlı ötən ilki fəaliyyət uğurlu olub.

 

“2024-cü ildə də həmin sərbəst vəsaitlə bağlı maksimum gəlirliliyə imkan verən investisiya fəaliyyətinin həyata keçirilməsi əsas vəzifələrdən biridir”, - açıqlamada deyilir.

 

Bu barədə DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi üzrə İnvestisiya Şurasının keçirdiyi növbəti iclasda bildirilib. İclasda şuranın üzvləri olan qurumların nümayəndələri iştirak ediblər.

 

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan sosial islahatların ölkədə sosial müdafiə sisteminin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. O, ötən ildən DSMF-nin sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi istiqamətində fəaliyyətə başlamasının da bu baxımdan mühüm önəmini qeyd edib.

 

Nazir bildirib ki, Fondun sərbəst vəsaiti (DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda depozitə qoyulmaqla investisiya fəaliyyətinə cəlb edilir.


“Bu da qeyd olunan sərbəst vəsaitin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasına xidmət edir. İnvestisiya fəaliyyətindən əldə olunan gəlirlərin isə sosial müdafiə ilə bağlı islahatlar, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması və s. istiqamətlərdə sərf olunması nəzərdə tutulur”.

 

Ötən il ilk mühüm addım olaraq, Fondun 1 mlrd. 50 mln. manatadək sərbəst vəsaitinin maliyyə alətlərinə uğurla investisiya edildiyi qeyd edilib.

 

DSMF-nin sədri Himalay Məmişov 2023-cü il üzrə Fondun investisiya fəaliyyətinin yekunları barədə məlumat verib.

 

İclasda “Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə dair 2024-cü il üzrə İnvestisiya Siyasəti” sənədi təsdiq edilib, 2024-cü ildə bu sahədə görüləcək işlər müzakirə olunub.

 

Xatırladaq ki, iqtisadçı Natiq Cəfərli DSMF-nin fəaliyyətini tənqid edərək bildirib ki,  bu qurum vətəndaşdan icbari qaydada pensiya fonduna topladığı vəsaiti banka depozit qoyub faiz qazanır.

 

“Fond bunun adını “investisiya” qoyur, yaxşı, bəs vətəndaşın pulunu banka qoyub faiz qazanırsa, ondan vətəndaşa  niyə pay ayırmır?!

 

Şəxsən mənim DSMF-də 30 mindən çox vəsaitim var, Fond mənim pulumu, tutalım, 7-8%-lə depozitə qoyub ildə ən azı 2000-2500 arası pul qazanırsa, bəs mənə niyə bu vəsaitdən pay vermir?!”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi